Bakıda kişi analığını yandıraraq öldürüb

  • 24.11.2020
  • 0

2019-cu il mayın 18-də Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) əməkdaşları tərəfindən Nardaran qəsəbəsi, Bağlar massivi 242-də yerləşən fərdi evdə yanğın söndürüldükdən sonra, orda qadın meyitiaşkar edilib. BAKU.WS Baku Tv-yə istinadən xəbər verir ki, hadisə yerinə Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, mərhum 1942-ci il təv. Rübabə Bağırovadır. Əvvəl qadının tüstüdən boğulması ehtimal edilib, lakin araşdırma nəticəsində məlum olub ki, o qətlə yetirilib. Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan əvvəllər məhkum olunmuş Tahir Bağırov (1970-ci il təv.) barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Tahir Bağırov analığı, 77 yaşlı Rübabə Bağırovanın xüsusi mülkiyyətində olan və birgə yaşadıqları evin həyətyanı sahəsini satıb, gəlir əldə etmək istəməsini dəfələrlə bildirsə də, onun tüfeyli həyat sürərək işləməyib ailəyə maddi köməklik göstərmədiyini nəzərə alan qadın hər dəfə bundan imtina edib. Mayın 18-də sərxoş vəziyyətdə yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, 242 ünvanında analığının qaldığı otağa keçib, mebel dəstinin kilidini sındırmaqla, daxil olub ordan sonuncuya məxsus 650 manat pulu oğurlayıb. Saat 16 radələrində bazardan evə qayıdan Rübabə Bağırovanın üzərinə hücum edib, əlləri ilə boğazından tutaraq, onu yerə yıxıb. Müstəsna dərəcədə qəddarlıqla, dizləri ilə sinəsinə təzyiq göstərib müqavimətini qırıb, boyun üzvlərini əlləri ilə sıxaraq qadını mətbəx otağında qəsdən həyatdan məhrum edib. Cinayəti gizlətmək məqsədilə qadının meyitini sürüyərək (götürərək) otağındakı çarpayıya uzadıb. Sonra lampanın içərisindəki neft məhsulunu evin döşəməsinə töküb və kibrit çəkib, alışdırmaqla yaşayış sahəsini yandırıb. İş üzrə dindirilmiş Tahir Bağırov bildirib ki, analığından dəfələrlə torpaq sahəsini satıb, ona düşən payı verməsini istəyib. Hadisə günü dolabın kilidini sındırıb, Rübabə Bağırovaya məxsus 650 manat pulu götürüb. Qadın işdən gələndən sonra bir daha ondan torpaq sahəsini satmasını tələb edib, lakin Rübabə bundan imtina edib. Götürdüyü pulu oğurlamasını bilməməsindən ötrü analığını boğaraq öldürüb və sonra evi yandırıb. Məhkəmə mövcud sübutlara qiymət verməklə yanaşı nəticəyə gəlib ki, Tahir Bağırovun əməlləri CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 177 (oğurluq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə düzgün tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Nə düşünürsən?