Bacısını xüsusi amansızlıqla qətlə yetirdi

  • 23.11.2020
  • 0

2019-cu il noyabrın 24-də Yasamal RPİ 29-cu PŞ-nə könüllü təslim olan Babək Fərzalıyev (1996-cı il təv.) Ceyranbatan qəbiristanlığında bacısının başını kəsdiyini bildirib. İnzibati ərazi üzrə qeyd olunan məlumat Abşeron RPİ-nin Növbətçi Hissəsinə verilib. BAKU.WS Baku Tv-yə istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı, üzərində zorakılıq əlamətləri ilə Aytən Fərzəliyevanın (1999-cu il təv.) meyiti aşkar edilib. Abşeron rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aytən Fərzalıyeva ölümünə — yuxu arteriyalarını, ürəyi, ağciyərləri və sağ böyrəyi yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaralar səbəb olub. İstintaqla müəyyən edilib ki, Babək Fərzalıyev Ümüd Kərimli ilə qeyri-rəsmi nikah münasibətində olan bacısı Aytən Fərzalıyevanın əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. Bacısından onunla yaşamasını dəfərlərlə tələb etsə də, bunun faydasız olduğunu görüb Aytəni qısqanclıq zəminində öldürmək qərarına gəlib. Planlaşdırdığı cinayət əməlini reallaşdırmaq üçün əlverişli şəraitin yarandığını görüb noyabrın 24-ü saat 12 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında bacısı ilə görüşərək ana və bacısının məzarına gediblər. Burada babək bacısı Aytənə onunla birlikdə yaşamasını yenidən təklif etsə də, bacısı ona kobud cavab verərək öz həyatını yaşayacağını bildirib. Bundan hiddətlənən Babək bacısını qətlə yetirib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Babək Fərzalıyev atası Asəf Fərzalıyevlə birlikdə yaşayıb və Yasamalda 1№i cüdo-sambo idman məktəbində müəllim işləyib. 2014-cü ilin avqust ayında kiçik bacısı Aytən ona məlum olmayan səbəbdən evdən çıxıb gedib və təxminən 10 gündən sonra evə qayıtıb. Avqustun 12-də anası Kifayət Abbasova və digər bacısı Yeganə Fərzalıyeva Yasamal rayonunda yaşadıqları evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Anası ilə bacısının ölümündə təqsirli bilinən atası məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olub. Məhkəmə keçiriləndə o, hərbi xidmətdə olub, ifadə vermək üçün məhkəməyə gətiriləndə bacısı Aytən onunla üzbəüz gəlməyib. İbtidai istintaqda və məhkəmədə ifadə verən Aytən atasını günahlandırıb. Hərbi xidmətdən qayıdanda atası artıq cəzaçəkmə müəssisəsində olub, Aytən isə həmin vaxt uşaq evindən yeni çıxıb. Görüşəndə bacısı hər şeyin ona görə olduğunu bildirib. Babək Aytənə birlikdə yaşamağı təklif edib, ona baxacağını desə də, sonuncu öz həyatı olduğunu və ona heç kimin qarışa bilməyəcəyini söyləyib. Bu söhbətdən 1 il keçdikdən sonra Aytən ona “WhatsApp” proqramı vasitəsilə yazıb görüşmək istədiyini deyib. O, görüşə rəfiqəsi ilə gəlib. Ümumi söhbət etdikdən sonra Aytənə 50 manat pul verib. Bundan 1-2 gün sonra yenidən görüşəndə bacısının istəyi ilə ona 150 manata yaxın pul çatdırıb. Təxminən 7 ay əvvəl Binəqədi rayonunda yerləşən, adını xatırlamadığı gecə klublarından birində Aytəni görüb. O, yanında 2-3 qızla birlikdə qəlyan çəkib. Bunu görən kimi həmin obyekti tərk edib. Ondan sonra məhz bacısının klubda olub-olmamasını bilmək üçün yenə oraya gedib və onun orada olduğunu görüb. Aytən telefonla danışanda heç kimin həyatına qarışa bilməyəcəyini təkrar edib, 5 ay əvvəl Hüseyn adlı uşağı olduğunu deyib, videogörüntüsünü onun telefonuna atıb. Noyabrın 17-də saat 19 radələrində kafedə görüşüblər. Növbəti dəfə onunla yaşamasını təklif etsə də, Aytən bunu qəbul etməyib. Bacısına 400 manat pul verib. Söhbət zamanı bacısının övladının atasının həbsdə olduğunu bilib. Hadisədən bir neçə gün əvvəl Aytən zəng edib, meyvə-tərəvəz dükanından borc pul götürdüyünü deyib, ondan yenə 100 manat pul istəyib. Ayın 24-ü saat 11 radələrində “20 Yanvar” metrosunun yanında görüşəndə Aytən bir daha tək yaşamaq istədiyini vurğulayıb. Babək həmin görüşə gedəndə təxminən 4-5 gün əvvəl “Sədərək” TM-dən aldığı açılıb-qatlanan bıçağı özü ilə götürüb. Bıçağı almaqda məqsədi gecə həyatından imtina etməsə, bacısını öldürmək olub. Aytəni öz istəyi ilə anası və digər bacısının qəbrini ziyarət etmək üçün Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa aparıb. Aytən ağlamağa başlayıb və atalarını günahkar adlandırıb, onu təhqir edib. Həmin an əsəblərini Cilovlaya bilməyən Babək Fərzalıyev bacısına bıçaqla xəsarət yetirib. Öldüyünə əmin olduqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək təslim olub. Babək Fərzalıyev əlavə edib ki, Aytəni ailəsinin adına xələl gətirdiyi üçün öldürüb. Ona neçə bıçaq zərbəsi vurması yadında qalmayıb. Hadisədən sonra atasına zəng edib, baş verənləri danışıb və törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib. Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Fərzalıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Nə düşünürsən?