Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

  • 30.03.2020
  • 0

Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.

Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan vəfat edib.

Azərbaycan Respublikasında son bir gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda bildirilir ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmiş, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nə düşünürsən?