Abutalıbovun gözü düşdüyü deyilən ərazidə güclü tikinti başlayıb - Qəsb edilmiş torpağı kim ələ keçirib?

  • 25.12.2017
  • 0

Bakıda icra hakimiyyəti dağıtdığı evlərin yerində saray kimi evlər tikməyə başlanıb. Bu il noyabrın 14-də Suraxanı rayon İcra hakimiyyəti tərəfindən 10-a yaxın ailənin evi qanunsuz hesab edilərək sökülüb, həyətlərindəki yaşıllıq məhv edilib. Hətta evi uçurulanlardan biri, Elşən Hüseynov özünü kəsici alətlə doğrayaraq baş verənlərə etirazını belə bildirmişdi. Həmin vaxt Elşən Hüseynov Criminal.az saytına bildirmişdi ki, onun torpağında Bakının meri Hacıbala Abutalıbovun gözü var idi, söküntü əmrini icra edən də elə onun həm qohumu, həm də köməkçisi olan Vüsal İdris oğlu Cəfərovdur: ''Mənim torpağım Nizami və Suraxanı rayonlarının sərhəddində yerləşir. Dəqiq ünvan Nizami rayonu, Şərq küçəsi 40/85-dir. Artıq 17 ildir həmin ünvandakı 27 sot torpağı Nizami rayon bələdiyyəsindən icarəyə götürmüşük. Hər il də buna görə dövlət rüsumu ödəyirəm. Hər şey normal idi, problemlər 8 ay bundan qabaq başladı. O vaxtdan ki, Hacıbala Abutalıbov şair Rüstəm Behrudinin qardaşı İlham Behrudigilə qonaq gəlmişdi. Həmin vaxt mənim torpağıma gözü düşüb, İlham Behrudi ilə torpağımın ətrafında xeyli gəziblər və Hacıbala müəllim deyib ki, bu torpaqdan xoşum gəlir. Və beləcə torpağıma müştəri çıxdı''. Bakı şəhər İcra hakimiyyəti (BŞİH) isə dekabrın 24-də Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı rəsmi məlumat yaydı. Məlumatda deyilirdi ki, sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon bələdiyyəsinə həvalə edilmiş və sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12.03.2014-cü il tarixli qərarı ilə ləğv olunub. Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14.11.2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü aparıb, hücuma məruz qalıb. Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 ədəd fərdi yaşayış evi və 5 ədəd yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib. Məsələ ilə bağlı BŞİH-nin məlumatında adı çəkilən Kəramət adlı şəxsin qardaşı Səxavət Məmmədov Criminal.az saytına açıqlamasında əllərindən alınan torpaqların Nizami rayon ərazisi olmasını təqdim etdiyi sənədlərlə əsalandırdı. Bildirdi ki, Surxanı rayonunda yerləşən Fərman Kərimzadə küçəsində 14 hektarlıq ərazidə ''Delfin-S'' MMC olub. Həmin şirkət 1988-ci ildə yaradıldığı göstərilsə də, halbuki həmin vaxt Azərbaycanda MMC olmayıb. Həmin sənədlə 14 ha torpağa yiyələniblər. Həmin sənədə əlavə 3 ha sahənin çertiyojunu əlavə ediblər. Halbuki bu sahə Nizami rayonuna aiddidir. Həmin sənədlə də sözügedən 3 ha sahə Nizami r-nu, Şərq 40/85 küçəsində yerləşir. S.Məmmədov qeyd edir ki, Suraxanı rayon İcra hakimiyyəti saxta sənədlə Nizami rayonunun torpağını oğurlayıb.Onlar həmin çıxarışla da gəlib torpaqlar sahib çıxmaq istəyir. Dövlət məmuru gələndə də həmin çıxarışçı göstərir, ərazi Nizami rayonuna aid olsa da, Suraxanının sənədi ilə aldadırlar. Dərinə gedəndə isə ''Hacıbalanın torpağıdır'' deyərək canlarını qurtarırlar. ''Bu sənədləri əsas gətib 10 nəfər 2000-ci ildən 2017-ci ilə qədər 3 hektarlıq sahədə yaşıllıq salmışıq. Orada meyvə ağacları əkmişdik. Gecələmək üçün fərdi yaşayış evləri tikmişdik. Lakin noyabrın 14-də icra hakimiyyəti evlərlə birlikdə, ağacları da buldizere verib məhv etdi. 300 meyvə, 100-ə yaxın isə həmişəyaşıl ağac məhv edildi. 2017-ci ildən baş.layıb bu münaqişə. Abutalıbovun təşəbbüsü ilə Suraxanı rayon İcra hakimiyyəti ortaya çıxaraq bizimlə torpaq davasına qalxıblar. İlk dəfə dedilər ki bələdiyyə ödənişləri Nizami rayonuna deyil, onlara ödəyək. Dəflərlə onlara Nizami rayon bələdiyyəsinə rüsum ödədiyimizi desək də, saya salmırlar. Əksinə sakinləri 32-ci polis bölməsinə aparılaraq incidilir, hədə-qorxu gəlirlər. Əgər dava rüsum davası idisə, bunun üçün mənim torpağımı əlimizdən almaq, tikinti və yaşıllğı məhv etmək nəyə lazım idi? Amma dəqiq bilrik ki, bunlar bəhanədir, bizim torpağa Hacıbala Abutalıbovun gözü düşmüşdü. 2014-də Rüstəm Behrudinin qardaşı İlhamgilə qonaq gələndə görmüşdü. Hətta bir neçə dəfə gələrək bizim həyətə baxıb. Sonra Suraxanı rayon Polis İdarəsinin o vaxtki rəisi Məmməd Mikayılova deyib ki, evləri sökün. Həmin vaxt cəmi ik ev tikilmişdi. Bununla sakitləşdilər. Sonra 2017-də isə yerdə qalanları sökdülər. İndi isə özləri bizim sökülmüş evlərin yerində tikir. Bura yaşayış massivi deyilsə, yaşıllıq zolağıdırsa niyə tikirsən? Tikintini aparan isə bizim evlərin sökülməsi əmrini icra etdirən Abutalıbovun qohumu, daha doğrusu qardaşı qızının qaynı Vüsal Cəfərovdur''-deyə S.Məmmədov əlavə etdi. S.Məmmədov bildirdi ki, hazırda Nizami rayon Prokurorluğunda araşdırma aparılır. Bundan başqa Nizami rayon Məhkəməsi qərar verib ki, həmin ərazidə yaşayan sakinlərin istifadəsinə müdaxilə olunmaması Nizami bələdiyyəsinə tapşırılsın.

Nə düşünürsən?