71 yaşlı "Salyan körpüsü" - Bu körpü cəmi 4 aya ərsəyə gətirilib

  • 18.12.2017
  • 0

Azərbaycanda alman əsirlər tərəfindən inşa edilən xeyli bina və körpü var. Bunlardan biri də 71 il öncə tikilən "Salyan körpüsü"dür. 6 dayaqdan ibarət olan bu körpü cəmi 4 aya ərsəyə gətirilib. Uzunluğu 350, eni isə7 metrdir. Bu körpünün tikintisi alman əsirlər tərəfindən həyata keçirilib. Söhbət Kür çayı üzərində yerləşən və 71 il öncə inşa edilən "Salyan körpüsü"ndən gedir. Bu körpü tikilənə qədər cənub bölgəsinə gedib-gəlmək üçün yalnız Kür çayı üzərində quraşdırılmış pantonlardan istifadə edilirdi. Bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. İkinci Dünya müharibəsindən sonra Kür çayı üzərində dəmir konstruksiyalı bu körpünün tikintisinə başlanılıb. Tikinti işlərinə isə Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florov rəhbəlik edib. İşçi qüvvəsinin arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc almanın da olduğu bildirilir. Almanlar tərəfindən körpünün küləkli havada əsməsinin, rezonans hadisəsinin qarşısını almaq üçün üzərində dəmir konstruksiyalı fermalar quraşdırılırılıb. 6 dayaqdan ibarət olan körpünün tikintisi 1946-cı ilin mayında başa çatıb. Açılış mərasimində xalq şairi Səməd Vurğun, rus generalları və digər yüksək rütbəli məmurlar iştirak ediblər. Körpü tikilərkən onun giriş və çıxış hissəsində iki cüt şir heykəlləri də qoyulub. Lakin, sonradan onlar müəmmalı şəkildə ərazidən götürülüb. Salyanın simvoluna çevrilən və el arasında "Salyan körpüsü" kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb və 1992-ci ildə istifadəsinə qadağa qoyulub. Hazırda isə ona paralel olan yeni körpüdən istifadə olunur.

Nə düşünürsən?