Köhnə mənzillərin əvəzinə premium evlər - VİDEO + FOTO

  • 14.12.2017
  • 1

Hazırda paytaxtın bir sıra ərazilərində istismara yararsız köhnə evlərin və binaların sökülərək yeniləri ilə əvəzlənməsi yönündə pilot layihələr həyata keçirilməkdədir. Həmin layihələr üzrə vətəndaşların mənzil təminatının necə dəyişəcəyini, sökülən binalarda və fərdi evlərdə yaşayan sakinlərin kirayəyə yerləşdirilməsi şərtləri ilə maraqlandıq. “Sipark-İnşaat”ın kardlar şöbəsinin rəhbəri Rizvan Abdullayev Oxu.Az-a açıqlamasında bildirdi ki, şirkət 2016-cı ildə Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli, 16 mərtəbəli binanın tikintisinə başlayıb. Sosial layihə olan bu kompleksin tikintisi ilə bağlı ərazidə yaşayan 125 nəfər sakin kirayə mənzillərə köçürülüb. Məlum oldu ki, layihənin icrası müddətində – 2 il ərzində sakinlərin aylıq kirayə haqlarının ödənilməsini şirkət öz üzərinə görürüb: “Bina hazır olduqda sakinlər tam təmirli mənzillərlə təmin olunacaqlar. Hazırda 13-cü mərtəbəyə qədər inşa işləri aparılıb. Sakinlərin mənzillərlə təminatı ədalətli prinsiplə həyata keçiriləcək. Yəni sənədlərə əsaslansaq, sakinlər var ki, mənzilləri 14-30 kvadratmetr olub. Layihə əsasında bu vətəndaşların mənzil təminatı da yaxşılaşdırılacaq. Belə ki, şirkət bu vətəndaşların ailə üzvlərinin sayını nəzərə alaraq, onları 60-80 kv.m. mənzillə təmin edəcək. Ümumilikdə sakinlərin minimum 53, maksimum 80 kv.m. mənzillə təmin olunması nəzərdə tutulub”.