Direktorun qardaşı oğlu müəlliməni qaçırdı

  • 18.01.2018
  • 0

Bərdə rayonunda müəllimə zorla qaçırılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacıalılı kəndində baş verib. 2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı H.G. məktəbdən kirayədə qaldığı evə gedərkən kənd sakini Tural Zeynalov tərəfindən qaçırılıb. Xəbəri dəqiqləşdirmək üçün ilk olaraq məktəbin direktoru Səyyarə Zeynalova ilə əlaqə saxladıq. Səyyarə müəllimə qısaca olaraq "bu işlə polis məşğul olur, yəqin ki, qaydasına qoyulacaq" deməklə kifayətləndi. Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov hadisədən xəbərsiz olduğunu bildirdi. Bərdə Rayon Polis Şöbəsindən isə "bu barədə açıqlamanı yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən öyrənə bilərsiniz" cavabını aldıq. Hacıalılı kənd məktəbində öyrəndik ki, müəlliməni qaçıran Tural Zeynalov məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur. Anası isə həmin məktəbdə müəllimə işləyir. Lakin onlardan heç biri məktəbdə yox idi. Mikrofonumuzu Nüşabə müəlliməyə uzatdıq: "Bu il məktəbimizə sentyabr ayında gəlib. Gəldiyi gündən məktəbin şagird və müəllim kollektivinin hörmətini qazanıb. Çox savadlı və tərbiyəli bir müəllimədir". Tural Zeynalov 23 yaşlı müəlliməni məktəbin yaxınlığından qaçırıb. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış: "Oğlan qızı sevirdi, sonra da qaçırdıb. Oğlan tərbiyəli oğlandır, həm də təhsilli". Eşitdiklərimiz bizi tam qane etmədiyi üçün Tural Zeynalovun evinə getməli olduq. Qapını Turalın atası İlham Zeynalov açdı. Həmin an başa düşdük ki, məktəbdə çəkiliş apardığımız zaman müəllimlərin yanında dayanan və kimliyini açıqlamayan şəxs İlham Zeynalovdur. Ata oğlunun qız qaçırdacağından xəbərsiz olsa da, müəlliməni sevdiyini əvvəlcədən bildiyini dedi. Üstəlik, qız evinin bu gün onların ailəsinə qonaq gəldiyini, ağsaqqalların da bu işə xeyir-dua verdiyini bildirdi: “Hər iki tərəfin ağsaqqalları bir araya gəldi. Qızın ailəsi kəndə gəldi, ailəmizlə tanış oldular, qızları ilə görüşdülər və qərar verdilər ki, övladlarımız ailə qursun. "Allah xeyir versin!" dedilər və getdilər”

Nə düşünürsən?