Lənkəranda mikroavtobus "KİA" ilə toqquşub - 9 YARALI

  • 12.01.2018
  • 0

Lənkəranda sərnişin mikroavtobusu qəzaya düşüb, 9 nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün saat 12:00 radələrində Ələt-Astara magistralının Lənkəranın Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib. Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan, Lənkəran sakini Eytiram Qənbərova məxsus "Ford" markalı 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu sürücüsü hələ ki, məlum olmayan 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Toqquşma zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü Eytiram Qənbərov hadisəni belə təsvir edib: "Saat 12:00 radələrində Bakıya çıxırdım. Göyşəbanın dairəsini keçəndən sona üzü Ürgə kəndinə tərəf gedirdim. Yolun kənarında xarici maşın dayanmışdı. Mən onu ötən vaxtı o, qarşıda döndü. Dönən kimi mən öz maşınımı saxlaya bilmədim, maşın aşdı". Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Bəliton kənd sakini, 57 yaşlı Bəsdiqız Abbasova, onun oğlu, 24 yaşlı Rəşid Abbasov, Lənkəran şəhər sakini, 61 yaşlı Adıgözəl Rzayev, onun həyat yoldaşı, 58 yaşlı Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 45 yaşlı İlhamə Hüseynova, Lənkəran rayonunun Vilvan kənd sakini, 17 yaşlı Əli Həsənov, Lənkəran şəhər sakini, 66 yaşlı Namiq Qarayev, Bakı şəhər sakini, 22 yaşlı Samirə Rzayeva və 23 yaşlı Rəşad Rzayevdir. Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Nə düşünürsən?