Bakıda 461 avtobus sürücüsü keçmiş məhkum çıxdı

  • 12.01.2018
  • 0

Bakı Nəqliyyat Agentliyi 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu göndərib. Sorğu nəticəsində 461 sürücünün məhkumluğunun olduğu müəyyənləşib. APA TV-nin xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktor müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib. Onun sözlərinə görə, son 15 gün ərzində Bakı şəhərində baş verən yol qəzaları böyük rezonans doğurub: "Məsuliyyət siz daşıyıcılardan asılıdır. Sürücülər siz tərəfdən yoxlanılmır, o sürücülər barədə sizdə ətraflı məlumat olmur. Bir də görürsən ki, daşıyıcının bir neçə avtobusu var, lakin sürücülərin sayı avtobus sayı qədərdir. Daşıyıcının balansında olan avtobusla daşıyıcı sayı düzgün müəyyən edilməyib. Halbuki hər avtobusa ən azı 2-3 sürücü düşməlidir. Sürücülər arasında iş saatının da düzgün nizamlanmaması qəzalara səbəb olur". Qurum rəsmisi BNA-nın tələblərinə cavab verməyən daşıyıcılarla bağlı tədbirlər görüləcəyini bildirib: "Artıq son günlər baş verən yol qəzaları bizi məcbur edir ki, müəyyən tədbirlər həyata keçirək. Hansı daşıyıcı BNA-nın tələblərinə cavab verməsə, həmin daşıyıcı ilə BNA arasında bağlanmış müqaviləyə xitam veriləcək". Mübariz Aslanov qeyd edib ki, yaxın 3-6 ay ərzində 700-dən çox nəqliyyat vasitəsi nağdsız ödəniş sisteminə keçəcək.

Nə düşünürsən?