Sürücülərə ciddi xəbərdarlıq edildi!

  • 24.02.2021
  • 0

Ötən gecədən başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ şəhərlərinə və dağ kəndlərinə yağan qar səbəbindən bəzi yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımının, Muğanlı-İsmayıllı dolaylarının, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yollarının qarlı olması və qismən buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb. 

Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti  üçün ərazidə ağır texnikalar və canlı qüvvə işləyir, yola düz və qum səpilir. 

Bölgədə xidmət edən yol polisi əməkdaşları bu yolların axşam saatlarında tamamilə buz bağlayacağını və gecə səhərədək avtomobillərin hərəkəti üçün daha təhlükəli olacağını deyirlər.

Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək tövsiyə edilir. 

Qeyd edək ki, Muğanlı-İsmayıllı dolaylarına, Lahıc-Pirqulu yoluna 10 sm, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsunun dağ kəndlərinə isə 20-25 sm qar yağıb. 

Qar səbəbindən bəzi kəndlərdə elektrik dirəklərinə və naqillərə ziyan dəyib, əhaliyə elektrik və qaz verilişində fasilə yaranıb. Bir neçə tikilinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub. 

Nə düşünürsən?