Bakıda iki beynəlxalq sərgi açıldı

  • 10.06.2021
  • 0

Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin açılışı olub. 

APA TV xəbər verir ki, 27 ölkədən 248 şirkətin təmsil olunduğu sərginin açılışında Kənd Təsərrüfat naziri İnam Kərimov iştirak edib. Nazir sərginin əhəmiyyətindən danışaraq kənd təsərrüfatı sahəsində innovasiyaların, mütərəqqi texnologiyaların və həllərin tətbiqinin əsas vəzifələrdən biri olduğunu deyib. 

Daha sonra sərgi iştirakçıları müxtəlif ölkələri təmsil edən şirkətlərin kənd təsərrüfatı texnikaları və digər avadanlıqları ilə tanış olublar.

Bu cihazlar Türkiyə, Almaniya və Amerika istehsalıdır. İstixanalarda, meşə massivlərində və əkin sahələrində zərərvericilərə qarşı mübarizə tədbirlərində geniş istifadə olunur. Əsas üstünlükləri ekoloji və bioloji cəhətdən səmərəliliyinin yüksək olmasıdır.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” COVID-19 pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgidir. Sərginin əsas məqsədi işgüzar əlaqələri bərpa etmək, yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etməkdir.

Gördüyünüz texnika Rusiya istehsalıdır. Səpin öncəsi hazırlıq işlərində bu texnikadan istifadə olunur. “Kiroves”lə gün ərzində 100, 120 hektar ərazini şumlamaq mümkündür.

Bu il  təşkil olunan sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov deyir ki, stendlərimizdə təqdim etdiyimiz məhsullar kənd təsərrüfatının bütün sahələrini əhatə edir: “İstər laborator analiz xidmətləri, istərsə də bitki mühafizə sahəsində istifadə etdiyimiz avadanlıqlar, cihazlar təqdim olunmuşdur. Biz təqdim etdiyimiz cihazlarla bildirmək istəyirik ki, kənd təsərrüfatı sahəsində nə qədər müasir avadanlıqlardan istifadə olunsa bir o qədər də effektivlik yüksək olar”.
  
“Caspian Agro 2021” sərgisinin ekspozisiyasına daxil olan ekspozisiyalara həmçinin “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, yeni toxum sortları və bir çox digər məhsulların nümayişi də daxildir. Ümumilikdə isə sərgi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edir.