Bakı küçələrinin səkilərindəki vəziyyətlə bağlı artıq dəfələrlə xəbərlər dərc etsək də sanki aidiyyəti qurumlardan hansısa reaksiya olmayıb.
Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edən vətəndaş qeyd edib ki, Bakının digər rayonlarına nisbətdə Nəsimi rayonunda vəziyyət daha bərbaddır. Şəhərin mərkəzi rayonlarından biri olduğunu nəzərə aldıqda, görüntülərdə əks edilən səkilərin vəziyyəti heç də ürəkaçan deyil.
Vətəndaşın göndərdiyi videoda aydın şəkildə görünür ki, Puşkin və Xəqani küçələrindəki iaşə müəssisələri, restoranlar istər obyektin qabağına əlavə etdikləri pilləkənlər, istərsə də terraslarla səkini zəbt edib obyektin ərazisinə qatıblar. Qeyd edilən küçələrdə 2 nəfərin yanaşı hərəkəti bir çox hissələrdə mümkünsüzdür. Üstəlik, bu vəziyyətlə icra hakimiyyətinin rəhbərliyi tanış olsa belə, heç bir tədbir görmür və səki zəbti prosesi hər ötən gün davam edir.
Prezident İlham Əliyevin 2025-ci il yanvarın 30-u imzaladığı Sərəncamla təsdiq edilən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 6-cı bəndinə əsasən, piyada infrastrukturu layihələrinin icrası və səkilərin normativ tələblərə uyğunlaşdırılması mütləqdir. Sənəddə qeyd edildiyi kimi, prosesin icrasına artıq ötən ildən başlanılmalı idi, lakin Nəsimi rayonundakı vəziyyət heç bir işin həyata keçirilmədiyini göstərir.
Səfər























