Amalın bacısı susqunluğu pozdu

  • Bu gün 14:34
  • 0

 “TikTok” fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovun bacısı Nara Amal ilk dəfə məsələ ilə bağlı açıqlama verib.

 Nara Amal “TikTok” hesabında paylaşdığı videoda məhkəmə hökmündən sonra ailələri ilə barışıq üçün müxtəlif şəxslərin əlaqə saxlamağa çalışdığını bildirib. O, ailənin bu məsələdə mövqeyinin qəti olduğunu vurğulayıb:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil".

Mərhumun bacısı bildirib ki, ailə məhkəmənin təyin etdiyi cəzanı yetərli hesab etmir və qərardan apellyasiya şikayəti veriləcək:

"Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək".

Qeyd edək ki, İlduzə Hacıyeva yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm elan olunduqdan sonra Arzum məhkəmə zalında həbs edilib.

 

Nə düşünürsən?