Xırdalanda yerləşən "AAAF Park" yaşayış kompleksinin zirzəmisinin qanunsuz şəkildə satıldığı iddia edilir.
Lent.az-a danışan şikayətçi İlkin Hümmətovun sözlərinə görə, onlara heç bir məlumat verilmədən mənzillərinin zirzəmisində qazıntı aparılıb.
“Bizim mənzilimiz binanın birinci mərtbəsində yerləşir. Bina ümumilikdə altı mərtəbədən ibarətdir. MTK binanın zirzəmisini Hakim adlı şəxsə satıb. Onlar da mənzilin altını iki metr dərinlikdə qazıb, binanın kommunal xətlərini və fundamentini zədələyiblər, beton hissələri dağıdaraq qapı, pəncərə yaradıblar.
Özümüz rayonda yaşayırıq. Qardaşım təsadüfən həmin əraziyə gedəndə evimin altının qazıldığını görərək, video çəkib. Problem bununla da yekunlaşmır. Zirzəmini qazıb, təmir edən zaman binanın ümumi aqlay daşlarını da qıraraq, zədələyiblər. Yataq otağının qarşısından yola doğru açılan qapı yerləşdirib, pilləkan tikiblər. Eşitdiyimə görə, həmin zirzəmidə kafe-restoran tikəcəklər. Necə ola bilər ki, zirzəmidən restoran tiksinlər? Sabah o bina uçsa, kim bizə kömək edəcək?
Zirzəmini o qədər dərin qazıblar ki, binanın ümumi fundamentindən aşağı düşüb. Biz soruşanda ki, siz bu icazəni kimdən almısınız? deyirlər ki, aidiyyatı orqanlardan lazımi icazəni almışıq. Get, əlindən nə gəlirsə, onu da et”.
Lent.az binanın zirzəmisində tikinti işləri aparan Fikrət Eyvazovla da əlaqə saxlayıb.
O bildirib ki, zirzəmidəki tikinti tam qanunidir. Kommunal xətlərinin zədələnməsi məsələsi isə həqiqəti əks etdirmir:
“Binanın zirzəmisindən qazılan torpaq öncədən əlavə olaraq ora qoyulub. Torpaqla binanın fundamenti arasında məsafə var. Ona görə də, qazıntıların bina üçün heç bir təhlükəsi yoxdur. Binanın sənədi olmasaydı, orada hər hansısa bir iş icra etmək mümkün olmazdı.
Həmin yerin təmirinin bina üçün zərəri yox, faydası var. Təmirdən öncə oranı bit-birə basmışdı. Hər kəs zibilləri, butulkaları zirzəmiyə atmışdı. Biz təmizlik şirkətləri ilə birlikdə oranı təmizləyib işə başlamışıq. Kommunal xətlərə gəlincə, onlar zədələnməyib. Əgər zədələnmə olsaydı, bütün çirkab sular aşağı axardı, amma elə bir hal yaşanmayıb”.






























