Şirvan sakinlərindən külli miqdarda narkotik götürüldü

  • 07.12.2017
  • 0

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Azadinform xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupu məlumat yayıb. Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkovasitələr aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitələrin ümumi çəkisi 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Nə düşünürsən?