Salyanda almanların inşa etdiyi körpünün maraqlı tarixçəsi var

  • 06.12.2017
  • 0

Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində uzaqdan möhtəşəm görünüşü ilə fərqlənən körpü görünəndə artıq bilirsən ki, bura Salyandır. Bir vaxtlar Salyanın simvoluna çevrilən bu körpünün qurulmasından bəlkə də çoxları məlumatsızdır. Bu möhtəşəm körpünün nə vaxt və kimlər tərəfindən tikilməsi, gələcək nəsillərə ötürülməsi baxımından nə qədər əhəmiyyətli olduğunu əməkdaşlarımız araşdırmağa çalışıb. Uzunluğu 350, eni isə 7 metr olan dəmir konstruksiyalı bu körpü 71 il bundan əvvəl Salyan şəhəri ərazisindən keçən Kür çayı üzərində tikilib. O vaxtlar Cənub bölgəsinə gedib-gəlməkdən ötrü körpünün tikintisinə zərurət yaranmışdı. Körpü tikilənə kimi isə yalnız Kür çayı üzərində quraşdırılmış pantonlardan istifadə edilirdi ki, bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. II Dünya müharibəsindən sonra Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florovun rəhbəliyi ilə Kürün meyilliliyi daha çox olan ərazisində körpünün tikintisinə başlanılır. Jurnalist-tədqiqatçı Fəxrəddin Fərzəliyev: “1946-cı ilin yanvar ayından 1946-cı ilin 9 mayına kimi davam edən bu körpünün tikintisində işçi qüvvəsi kimi, mühəndis, texniki işçilər kimi 1943-cü ildə Stalinqrad döyüşlərində əsir düşmüş alman əsgər və zabitlərindən istifadə olunmuşdur.” O almanlar ki, Stalinqrad döyüşlərində məğlub olub, sovet ordusu tərəfindən 100 minə yaxın əsgər və zabiti əsir götürülmüşdü. Həmin əsrlərin müəyyən hissəsi Salyanda yerləşən hərbi əsir düşərgəsinə gətirilib.Onların arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc almanın da olduğu bildirilir. Körpünün küləkli havada əsməsinin qarşısını almaqdan ötrü almanlar tərəfindən bu tikilinin üzərində dəmir konstruksiyalı fermalar quraşdırılır. 6 dayaqdan ibarət olan körpünün tikintisi 1946-cı ilin mayında başa çatır. Körpü tikilərkən onun giriş və çıxış hissəsində rəmzi məna daşıyan iki cür şir heykəlləri də qoyulub. Jurnalist-tədqiqatçı Fəxrəddin Fərzəliyev: “Daşnaqsifət Mikoyan 1965-ci ildə o vaxt SSRİ rəhbərliyində təmsil olunurdu, Cənub bölgəsinə gedərkən bu şirləri görmüş, içərisində olan erməni xisləti, qısqanclıq, paxıllıq. O, demişdir ki, bu şirlər İran dövlətinin rəmzidir, ona görə də bu şirlər götürülsün.” O vaxtdan şir heykəlləri götürülür və indinin özündə də həmin heykəllərinin harada olması hələ də kimsəyə məlum deyil. Az qala Salyanın simvoluna çevrilən, el arasında “Salyan körpüsü” kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili, yük maşınlarının intensiv hərəkəti nəticəsində yararsız hala düşür və 1992-ci ildə istifadəsinə qadağa qoyulur. Hazırda onun yaxınlığında tikilən alternativ körpüdən istifadə edilir. Mütəxəssislərin fikrincə, körpünün dayaqları və dəmir konstruksiyaları olduqca etibarlıdır. Əgər körpünün üst qatı təmir edilərsə, almanların tikdiyi bu körpüdən hələ uzun illər də istifadə etmək mümkün olar.

Nə düşünürsən?