İctimai yerlərdə siqaret çəkilməsi qadağan edildi

  • 01.12.2017
  • 0

Milli Məclis Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran qanunu qəbul edib. APA TV-nin məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda yaşları 20-44 arasında olan kişilərin 30 faizi, 45-64 yaşda olanların isə 51 faizi siqaret çəkir. Onların hər biri hər gün orta hesabla 16 ədəd siqaret çəkir. Siqaret çəkməyib, tütün tüstüsündən əziyyət çəkənlərin 67,5 faizi kişi, 52,13 faizi isə qadındır". Milli Məclisdə Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi yekun oxunuşda müzakirəyə çıxarılıb İkinci oxunuşdan sonra layihəyə edilən əlavə və dəyişikliklər barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir: "Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək". Qanun layihəsinin müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov qeyd edib ki, bu məsələlər tədricən həll edilməlidir: "Biz istəyirik ki, qanunun qəbulu zamanı bütün məsələlər nəzərə alınsın. Amma bəzən bu, mümkün olan deyil. Amerikanın özündə siqaret çəkilməsinə qadağa var, amma insanlar siqaret çəkirlər. Milli Məclisin deputatları arasında da siqaret çəkənlər var". Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, sulu qəlyanın da istifadə olunmasına qadağa düzgün addımdır: "Sulu qəlyandan istifadə bir sıra yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Qanun layihəsi bütövlükdə mükəmməldir". Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxışı zamanı deyib ki, qanun layihəsində həllini tapmayan məsələlər var: "Burada açıq və qapalı məkanlar konkretləşdirilməyib. Tutaq ki, restoranda çəkilməsi qadağandırsa, hamı restoranın qarşısında çəkir. O yoldan da azyaşlılar, qocalar keçir. Konkretləşdirilməlidir ki, restoranın hansı hissəsində siqaret çəkmək olar". O qeyd edib ki, Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı addımlar atılır, digər tərəfdən də istifadə edilməsi bağlı qadağalar qoyulur. Parlamentin sədri Oqtay Əsədov deyib ki, tütünçülüyün inkişafı ixracı artırmaq üçün nəzərdə tutulur. Deputat Fazil Mustafa filmlərdə siqaret yer alan səhnələrin qapalı olmasını təklif edib. Bu təklifə reaksiya verən MM sədri deyib ki, filmlərin verilməsi zamanı siqaretin zərəri ilə bağlı sosial reklamlar verilir və bu, bu kifayət edir. Layihə səsə qoyularaq qəbul olunub.

Nə düşünürsən?