Bakı limanı strateji əhəmiyyətə malikdir

  • 21.11.2017
  • 0

Bakının Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri arasında mərkəzə çevrilməsi üçün mükəmməl mövqeyi var. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas belə deyib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın təşəbbüsü ilə keçirilən “Yaşıl Limanların İnkişafı” mövzusunda seminarda diplomat bildirib ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrin genişləndirilməsini hər zaman təşviq edib. Paytaxt Bakı logistika proseslərinin mərkəzində yerləşir. Həm dəniz, həm dəmir yollarının bu şəhərdən keçməsi ticarəti stimullaşdırır, strateji əlaqələri yaxşılaşdırır. «Avropa İttifaqı həmişə çox qətiyyətli təşviq və dəstək nümunəsi olub. Bu, özünü infrastruktura, insanlara münasibətdə olduğu kimi, yaxın günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı zamanı da göstərdi. Bu dəmiryolu Avropanı Qafqazlar, Qafqazı Orta Asiya üçün əlçatan edir. Onun yüklərin Avropadan Asiyaya və geriyə daşınmasında böyük payı olacaq. Həm də sərnişinlərin səyahəti üçün əlverişli nəqliyyat vasitəsi kimi də əhəmiyyətlidir. Azərbaycan bütün bunların mərkəzindədir. Bakı limanı şərqi qərblə, cənubu şimalla birləşdirəcək. Liman daha çox yük gətirilməsinə, daha çox xidmət sahəsinin inkişafına, işgüzarlıq səviyyəsinin yüksəlməsinə şərait yaradacaq və bütün bunlar sürətlə həyata keçiriləcək. Hesab edirəm ki, bu, həm Avropa, həm Azərbaycan vətəndaşları üçün böyük əhəmiyyətə malikdir”.