ABŞ-da kilsəyə silahlı hücum nəticəsində ölən və yaralananlar var

  • 06.11.2017
  • 0

ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20-yə yaxını yaralanıb. Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir. Daha sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir. Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb. Məlumata görə, Texas ştatının Nyu-Braunsfeld şəhər sakini Devin Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.Cinayətin motivləri müəyyənləşdirilir. Qeyd edək ki, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb. A.S. www.oxu.az

Nə düşünürsən?