Bakıda qəssab səsi çıxmasın deyə inəyin ağzını “skoçla” bağladı

  • 03.11.2017
  • 0

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 23-27 ünvanında yerləşən qəssabxanada inəyin səsi ətrafı bürüdüyündən onun ağzını yapışqan lentlə bağlayıblar. Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsindən sakinlərdən birinin çəkdiyi fotolarda inəyin ağzının yapışqan lentlə bağlandığı görünür. Sosial şəbəkələrdə bu fotoları paylaşan sakin bildirib ki, qəssab səhər kəsəcəyi heyvanı axşamdan dirəyə çox sərt şəkildə bağlayıb. Heyvanın başı çox aşağı, ipi isə dar olduğundan inək əziyyət çəkib və səhərə qədər böyürüb. Səsdən narahat olan sakinlər şikayət etdikdə isə qəssab çıxış yolu kimi inəyin ağzını yapışqan lentlə bağlamaqda görüb. Bu vəziyyət isə heyvanın ikiqat əziyyət çəkməsi deməkdir. Çünki dirəyə sərt şəkildə bağlanan inək səsini də çıxara bilməyib. Məsələ ilə bağlı obyektin satıcısı Beyrək Abbasov qəssabın bu işi gördüyünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, kəsiləcək heyvanın belə əziyyətə məruz qalması onun əzələlərində və digər orqanlarda stress hormonlarını çoxaldır. Bu isə ətin keyfiyyətinə neqativ təsir edə və həmin əti yeyən insan üçün zərərli ola bilər. Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana rəisi Zahid Nəsibli bildirib ki, kəsiləcək heyvanı bu cür əziyyətə məruz qoyan şəxsi 200 manatdan 500 manata qədər cərimə gözləyir.

Nə düşünürsən?